Venesiya Komissiyasının rus qanunu ilə bağlı mənfi rəyindən və onun geri götürülməsi ilə bağlı ciddi tövsiyəsindən sonra Tbilisi meri Kaxa Kaladze Qərbdən gələn “düşmənçilik”dən danışıb. Onun sözlərinə görə, bunu “konkret faktlar” təsdiq edir.

“Qərb inqilabi ssenarini maliyyələşdirirsə, bu düşmənçilikdir.

Qərb birbaşa qütbləşmədə iştirak edən müxtəlif təşkilatları maliyyələşdirirsə, bu düşmənçilikdir.

Bizə tərəfdaşlar, dostlar lazımdır. Kiminsə bizə yuxarıdan aşağı baxması, ölkənin mənafeyinə zidd bir iş görməyə vadar etməsi kimi bu cür münasibət yolverilməzdir. Kimsə ikinci cəbhə açmaq istəyirsə, budur Baltikyanı ölkələr, orada açsınlar cəbhəni. Gürcüstandan əl çəksinlər”, - Tbilisi hökumətinin iclasında Kaldze deyib.

“Gürcü Arzusu”nun baş katibi avropalı tərəfdaşlara müraciət edib ki, Avropanı ilk nüfuzdan salan onlardır.

“Bir neçə gün əvvəl ölkələrdən birinin xarici işlər naziri hökumət əleyhinə aksiyada iştirak edib. Bu normaldır? Budurmu özümüzə hörmətimiz? Bunu normal, inkişaf etmiş ölkədə etsəydilər, o xarici işlər nazirinin başına nə gələcəkdi? Müharibəni və ikinci cəbhəni öz ölkənizdə təşkil edin. Gürcüstandan əl çəkin. Bizə sülhü qorumaq lazımdır. Ölkəmizin kiminsə maraqları üçün istifadə edilməsi və burada vəziyyətin Ukraynadakı kimi olması ilə bağlı mövqe heç bir nəticə verməyəcək”, - deyə Kaxa Kaladze bildirib.

Venesiya Komissiyası rus qanunu ilə bağlı təcili rəy hazırlayıb və mayın 21-də dərc edib. 24 səhifəlik sənəd Gürcüstan hakimiyyətinə qanunun hazırkı formada ləğv edilməsi ilə bağlı qəti tövsiyə ilə yekunlaşır, çünki onun əsas qüsurları birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətlərdə iştirak etmək və ayrı-seçkiliyin qadağan edilməsi hüquqları baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq. “Gürcü Arzusu” Venesiya Komissiyasının tövsiyəsini nəzərə almaq fikrində deyil. Hakim partiya iddia edir ki, Venesiya Komissiyasının rəyi “yazdırılıb” və ondan “peşəkar əsaslandırma əvəzinə qərəzli siyasi qiymətləndirmələr üçün platforma kimi istifadə edilib”.

Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur