Gürcüstanla Ermənistan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş başlayıb

İyulun 13-də qüvvəyə minən sazişə əsasən, Gürcüstan və Ermənistan vətəndaşlarının beynəlxalq gediş-gəlişə icazə verilən sərhəd-keçid məntəqəsi üzərindən Gürcüstandan Ermənistana və əksinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmək hüququ var.

2023-cü il yanvarın 12-də hər iki ölkənin baş nazirləri İrakli Ğaribaşvili və Nikol Paşinyan Yerevan şəhərində “Gürcüstan və Ermənistan Respublikası arasında vətəndaşların ikitərəfli vizasız gediş-gəlişi haqqında” saziş imzalayıblar, lakin sazişin qüvvəyə minməsi üçün hər iki tərəfin ratifikasiyası tələb olunurdu. Ermənistan Milli Assambleyası (Parlament) sənədi iyunun 26-da ratifikasiya edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına görə, saziş Gürcüstan və Ermənistan vətəndaşları üçün qarşılıqlı gediş-gəlişdə daha əlverişli şərtlərin yaradılmasını nəzərdə tutur.

İndiyədək Ermənistan və Gürcüstan vətəndaşları dövlətlərarası sərhədi öz pasportları ilə vizasız keçə bilirdilər.

Gürcüstana edilən beynəlxalq səfərlərin sayına görə Ermənistan beş aparıcı ölkə arasında üçüncüdür. Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ildə Ermənistandan 742 593 ziyarətçi daxil olub. Bundan əlavə, Ermənistan sakinlərinin səfərlərinin mütləq əksəriyyəti təkrar səfərlər olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur