Almaniya hava limanlarında tətilə görə 1100-dən çox reys ləğv ediləcək

Bu gün, fevralın 1-də Almaniyanın ən böyük hava limanlarında işçilərin xəbərdarlıq tətili keçirməsi səbəbindən 1100-dən çox reys ləğv ediləcək və nəticədə təxminən 200 min sərnişin zərər çəkəcək. Bu barədə “Deutsche Welle” Almaniya Hava Limanları Assosiasiyasına (ADV) istinadən yazır.

Frankfurt, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurt hava limanlarında 25 min əməkdaş tətil edir. Münhen və Nürnberq hava limanlarının əməkdaşları tətilə qoşulmur, lakin, orada da uçuşların təxirə salınması və ya ləğv edilməsi istisna deyil.

Hava limanının təhlükəsizliyinə cavabdeh olan, yəni sərnişin, işçi və baqaj nəzarəti personalının tətilinin təşkilatçısı “Ver.di” həmkarlar ittifaqıdır. Həmkarlar ittifaqı tətil edənlərin saatlıq əmək haqqının 2,80 avro artırılmasını, müavinətlərin artırılmasını və iş vaxtından artıq işə, həmçinin gecə, tətil və bayram günlərində işləməyə görə əlavə ödənişlərin edilməsini tələb edir.

Həmkarlar ittifaqı ilə Aviasiya Təhlükəsizliyi Şirkətləri Federal Assosiasiyası (BDLS) arasında danışıqlar fevralın 6-dək davam edəcək. “BDLS”in məlumatına görə, tətilçilərin tələblərinin qarşılanması təkcə bu il xərcləri 250 milyon avro artıracaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur