Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Venesiya Komissiyasının rus qanununa dair mənfi rəyinə münasibət bildirib. Onun fikrincə, qanunun hazırkı formada geri götürülməsi lazımdır.

“Avropa Şurasının Venesiya Komissiyasının “xarici təsir” qanununun geri götürülməsi ilə bağlı sərt tövsiyəsi Gürcüstan hakimiyyətinin onu qəbul etməməsi və Gürcüstanın Avropa norma və prinsiplərinə qayıtması üçün bariz işarə olmalıdır”, - Tsahkna deyir.

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis də rəyə münasibət bildirib. O, Gürcüstan hökumətinin Venesiya Komissiyasının tövsiyəsini nəzərə alacağına ümid etdiyini bildirib.

Venesiya Komissiyası rus qanunu ilə bağlı təcili rəy hazırlayıb və mayın 21-də dərc edib. 24 səhifəlik sənəd Gürcüstan hakimiyyətinə qanunun hazırkı formada ləğv edilməsi ilə bağlı qəti tövsiyə ilə yekunlaşır, çünki onun əsas qüsurları birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətlərdə iştirak etmək və ayrı-seçkiliyin qadağan edilməsi hüquqları baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq..

“Gürcü Arzusu” Venesiya Komissiyasının tövsiyəsini nəzərə almaq fikrində deyil. Deputat Salome Kurasbediani tərəfindən brifinqdə səsləndirilən hakim partiyanın mövqeyinə görə, rəy qərəzlidir.

“Venesiya Komissiyasının rəyi siyasi mesajlarla doludur, hüquqi və peşəkar əsaslandırmadan məhrumdur və bir sıra, faktiki olaraq yanlış məlumatlar ehtiva edir”, - Kurasbedian bildirib.

Üstəlik, “Gürcü Arzusu” hesab edir ki, Venesiya Komissiyasının rəyi “yazdırılıb” və bu “platforma peşəkar əsaslandırma əvəzinə, qərəzli siyasi qiymətləndirmələr vermək üçün istifadə olunub”.

Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur