“Dağ Xəbərləri”nin məlumatına görə, bu gün Şovi kurortunda cərəyan edən təbii fəlakət halları insan tələfatı ilə nəticələnib. Təsdiqlənmiş məlumata görə, sərhəd polisi artıq bir nəfərin meyitini təbii fəlakət bölgəsindən çıxarıb. Hələlik mərhumun şəxsiyyətini müəyyənləşdirmək mümkün deyil.

“Dağ Xəbərləri” daha iki cəsədin tapılması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirməyə çalışıb. Nazirlikdən bizə bildirdilər ki, məlumatı dəqiqləşdirəcəklər.

Xilasetmə əməliyyatı nəticəsində təbii fəlakət zonasında olan 70-ə yaxın vətəndaş təhlükəsiz əraziyə təxliyyə edilib. Sərhəd polisinin helikopterləri artıq 3 uçuş həyata keçirib. Xilasetmə əməliyyatı hələ də davam edir.

Saat 21:30-da Daxili İşlər Nazirliyi Şovidə 2 nəfərin meyitinin tapıldığını təsdiqləyib.

Avqustun 3-də saat 15:15 radələrində baş verən sürüşmə vadidə uçqunlara səbəb olub. Aktiv təbii proseslər bir saatdan çox davam edib. Kurort zonasında mehmanxanalar və kotteclər düzənlikdə tikilib və uçqun düzənliyin bütün ərazisini əhatə edib. Bir neçə kiçik kottec dağılıb, mehamanxanalara da ziyan dəyib. Avtomobilləri uçqun aparıb.

Fəlakət bölgəsində xilasetmə əməliyyatı təxminən 3 saat gec başlayıb. Şoviyə gedən yeganə yolda olan körpüləri palçıq daşqını uçurub. Xilasedicilər fəlakət bölgəsinə yalnız sərhəd polisinin helikopterləri ilə daxil ola biliblər.

Gözlənilən təbii fəlakətlərlə bağlı Ətraf Mühitin Qorunması Nazirliyi əhaliyə xəbərdarlıq etməyib.

Milli Ətraf Mühit Agentliyi indi məlumat yayır ki, avqustun 3-dən avqustun 5-i gündüzədək Qərbi Gürcüstanın və Şərqi Gürcüstanın bəzi dağlıq rayonlarında (xüsusilə Kaxeti və Mtsxeta-Mtianeti) qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi yerlərdə güclü dolu və külək gözlənilir.

Gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmənin başlamasına və aktivləşməsinə səbəb ola bilər.