Marneulidə Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş əməkdaşı İlham Axıyev qadını şəxsi həyatını əks etdirən görüntüləri ilə şantaj etmək və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinərək saxlanılıb. Bu barədə məlumatı “Pirvel” telekanalı yayıb. Təqsirləndirilən şəxsin atası jurnalistə oğlunun 20 il təhlükəsizlik xidmətində işlədiyini və iki ay əvvəl saxlanıldığını təsdiqləyib.

“TV Pirveli”nin məlumatına görə, işdə iki təqsirləndirilən şəxs var - İlham Axiyev və daşınmaz əmlak agenti qadın. Onlar Rusiyada biznesi olan zərərçəkmişin Marneuli şəhəri Rustaveli küçəsindəki bahalı mənzilini, onun şəxsi həyatını ehtiva edən şəkilləri ilə şantaj edərək və odlu silahla təhdid edərək daşınmaz əmlak agentinin adına rəsmiləşdiriblər.

“Onlar Tbilisinin Poniçala şəhərindəki otellərdən birində iki otaq kirayə götürüblər. Təqsirləndirilən şəxs zərərçəkmişlə görüşüb və onu taksi ilə yuxarıda adı çəkilən otel otağına aparıb. Otağa girər-girməz onu sığallamağa və beldən yuxarı paltarını çıxarmağa başlayıb. Prosesdə ikinci təqsirləndirilən şəxs mobil telefonu ilə onun şəxsi həyatını əks etdirən videosunu çəkib. Onlar otel otağının qapısını bağlayıb və zərərçəkmişi məcbur ediblər ki, yaşayış mənzilini onların adına keçirsin”, - iş üzrə prokuror bildirib.

Onlar mənzili öz adlarına keçirdikdən sonra biznesmen qadınını şəxsi həyatını əks etdirən kadrları ictimailəşdirməklə hədələyərək ondan iki dəfə pul alıblar. Prokurorun sözlərinə görə, cinayət əməlləri nəticəsində zərərçəkmişə təxminən 188 min lari dəyərində maddi ziyan dəyib.

Təqsirləndirilən  İlham Axiyevin atası oğlunun günahsız olduğunu düşünür. “Düşünürəm ki, onlar qurma qurublar. Yaxşı işləyirdi, mükafatları var idi, mayor adam idi”, - o “Pirveli”yə müsahibəsində deyir.

Marneulidən olan mülki fəal Samirə Bayramova bildirir ki, İlham Axiyev həbs olunmazdan əvvəl iş yerində ayrı-seçkilik faktı ilə bağlı ona müraciət edib və bu məsələni müzakirə etmək üçün görüş istəyib. Bayramovanın sözlərinə görə, Axiyev ona “dinlənildiyi”ni deyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur