“Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze rus qanunu əleyhinə davam edən etiraz aksiyalarının iştirakçılarına xəbərdarlıq edib.

“Bizim müxtəlif mövzularda çoxlu məlumatımız var, onların planları, atılacaq addımlar haqqında çoxlu məlumatlar var. Mən hamını sakitləşməyə çağırmaq istəyirəm. Heç kim qanundan kənar hərəkət etməyə cürət etməsin. Buna çox sərt cavab veriləcək.

Hər kəsə xəbərdarlıq edirəm - odla oynayırlar. Hər kəsə xəbərdarlıq edirəm - çox diqqətli olsunlar. Siz aksiyanı dinc keçirmək istəyirsiniz?! Buyursunlar və bunu dinc yolla keçirsinlər, amma bir qanunsuzluq olan kimi buna təbii ki, qanun çərçivəsində çox kəskin cavab veriləcək.

Biz təhlükəsizlik xidmətinin açıqlamalarını dinlədik və bir daha qeyd etmək istəyirəm ki, kimliyindən asılı olmayaraq, ölkə xaricindən, ölkə daxilindən heç kimin qarşıdurma yaratmasına, inqilab etməsinə imkan verməyəcəyik. Biz bu imkanı verməyəcəyik. Biz artıq hakimiyyətin inqilabla dəyişdiyi dövrü keçmişik”, - Kaladze deyib.

Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilir. Kaxa Kaladzenin sözlərinə görə, “real olaraq” aksiyalar zorakılıq xarakteri daşıyır və onların arxasında “konkret insanlar, konkret radikal qruplar” dayanır. Kaxa Kaladze onların adlarını çəkməyib.

“O ki qaldı qarşıdurmaya, qütbləşməyə, hər şey xaricdən qızışdırılır. Bir sıra bəyanatlar görürük, həm də bütün bunlar konkret maliyyə vəsaiti hesabına həyata keçirilir...

Sözügedən qanunla bağlı birbaşa deyirik, heç nəyi gizlətmirik, elə? Biz deyirik ki, biz xarici təsirləri azaltmaq istəyirik, Amerikanın ölkədəki təsirini azaltmaq istəyirik, Avropanın, Rusiyanın təsirini, digər ölkələrin təsirlərini azaltmaq istəyirik. Bəzi mühüm məsələlər var ki, bizim üçün açıq danışmaq çətindir”, - Kaladze hökumətin təbliğat telekanalı “İmedi”nin efirində deyib.

Rus qanunlarına qarşı nümayişlər dəfələrlə hakimiyyət tərəfindən dağıdılıb. Daxili İşlər Nazirliyi 100-dən çox dinc aksiya iştirakçısını, o cümlədən 7-sini Cinayət Məcəlləsi qaydası ilə həbs edib. Həbs olunanlar arasında hərbi bloqer Uça Abaşidze də var. Eyni zamanda naməlum şəxslər aksiyada iştirak edən müxalif siyasətçilərə və vətəndaş fəallarına hədə-qorxu gələrək onlara hücum edirlər. Nifrət kampaniyasınınhədəfi müstəqil jurnalistlər və qeyri-hökumət təşkilatlarının rəhbərləridir.

Mayın 11-i, şənbə günü Tbilisidə rus qanununa qarşı daha bir genişmiqyaslı nümayişin keçirilməsi planlaşdırılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur