Böyük Britaniya da “Gürcü Arzusu” partiyasının yenidən irəli sürdüyü rus qanununu tənqid edir və bildirir ki, bu, Gürcüstanın dostlarının və strateji tərəfdaşlarının ölkəyə yardımını davam etdirməsinə mane olacaq.

“Böyük Britaniya Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin yenidən təqdim olunmasından və Gürcüstanın daxili siyasətinə donorların müdaxiləsi ilə bağlı ritorikadan narahatdır.

Böyük Britaniyanın vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi uzun müddətdir ki, Böyük Britaniyanın Gürcüstanla tərəfdaşlığının əsas sütunu olub. Təklif olunan qanun, nəhayət qəbul olunarsa, Gürcüstanın dostlarını və strateji tərəfdaşlarını Gürcüstanın demokratik və iqtisadi inkişafını təşviq etməyə davam etməsinə təhlükə yaradacaq.

Böyük Britaniya Gürcüstanın Avro-Atlantika institutlarına gələcək üzvlüyü üçün zəruri olan bütün qanunvericilik və digər islahatların həyata keçirilməsində Gürcüstana dəstəyini davam etdirəcək”, - Britaniya səfirliyinin yaydığı bəyanatda deyilir.

"Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürdüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib.

Rus qanunu Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, NATO, BMT və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən tənqid edilib. Onlar hesab edirlər ki, belə bir qanun Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət təşkilatları və media qurumlarının işinə mənfi təsir göstərəcək.

Bu gün, aprelin 12-də Almaniya kansleri Olaf Şoltz Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündə Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunu qəbul etməyəcəyinə və Avropa İttifaqının və Gürcüstan əhalisinin tənqidi mövqeyini nəzərə alacağına ümid etdiyini bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur