BMT-nin Gürcüstan nümayəndəliyi “Gürcü Arzusu”nun rus qanununun qəbulu planını şərh edib. Bəyanatda BMT “Xarici Təsirin Şəffaflığı” haqqında qanun layihəsinin parlamentə yenidən təqdim edilməsindən duyduğu dərin narahatlığını ifadə edir.

BMT-nin bəyanatına əsasən, sözügedən qanun layihəsinin qəbulu vətəndaş cəmiyyəti və medianın fəaliyyətinə, onların Gürcüstan demokratiyasının və bütövlükdə cəmiyyətin inkişafına verdikləri mühüm töhfəyə təhlükə yaradacaq.

“Gürcüstanda vətəndaş cəmiyyəti təşkilatları cəmiyyətin ən həssas qruplarına əsaslı dəstək verir və onların hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyətinin fəaliyyətini damğalamaq məhdud fiziki imkanlı şəxsləri, məcburi köçkünləri, azlıqların nümayəndələrini, ahılları, qadınları, gəncləri, uşaqları, məişət zorakılığı qurbanlarını və dəstəyə ehtiyac duyan digər şəxsləri lazımi yardımdan məhrum qoyacaq. Otuz ildən artıqdır ki, Birləşmiş Millətlər Təşkilatı Gürcüstanın etibarlı tərəfdaşıdır, ölkənin milli prioritetlərə uyğun inkişafını dəstəkləyir və yerli tərəfdaşlarımız, o cümlədən vətəndaş cəmiyyəti və media ilə birlikdə gürcü xalqına yardım göstərir”, - deyə BMT-nin bəyanatında bildirilir.

Təşkilat diqqəti ATƏT/DTİHB-nin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun analitik qiymətləndirməsinə cəlb edir və həmin qanun layihəsinin Gürcüstanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etdiyini bildirir.

Gürcüstanın BMT-nin İnsan Hüquqları Şurasına hazırkı üzvlüyü nəzərə alınaraq, Gürcüstan parlamenti qanun layihəsini geri götürməyə və dövlət və vətəndaş cəmiyyəti arasında münasibətlərə dair bütün maraqlı tərəflərlə geniş, inkluziv və mənalı məsləhətləşmələr aparmağa çağırılır.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı parlamentin məcburi gender kvotalarını ləğv etmək üçün sürətləndirilmiş prosedurdan istifadə etməsindən duyduğu narahatlığı da ifadə edir.

“Gürcüstanda seçkilər barədə müvəqqəti gender kvotası mexanizminin tətbiqi qadınların siyasi qərarların qəbulu prosesindən sistematik şəkildə kənarlaşdırılmasını kompensasiya etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin çoxdankı tövsiyəsi idi. Onun ləğvi gender bərabərliyinə nail olmaqda geriyə addımdır.

Biz Gürcüstan hakimiyyətini Gürcüstanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə mane olan və ölkənin demokratik inkişafına təhlükə yaradan hərəkətlərin qarşısının alınması üçün bütün səylərini göstərməyə çağırırıq”, - BMT-nin bəyanatında deyilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur