“Gürcü Arzusu”nun icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze rus qanununun qəbul olunacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyini gözləmir. Onun fikrincə, bunu nəzəri cəhətdən müzakirə etmək belə “təsəvvürə gəlməz ədalətsizlik” olardı.

“Həqiqətən, heç bir sanksiya gözləmirəm, çünki bu istiqamətdə daha sərt qanunun tətbiq olunduğu bir ölkə tərəfindən sanksiya tətbiq ounlması mümkünsüzdür. Belə ədalətsizlik təsəvvür oluna bilməz. Tənqid də təsəvvürə gəlməz ədalətsizlikdir. Biz dost ölkələrimizin ayrı-ayrı nümayəndələrindən, o cümlədən rəsmi səviyyədə tənqid yox, kəskin tənqid eşidirik. Keçən ildən yeganə fərq odur ki, onlar [qanun layihəsini] artıq “rus qanunu” adlandırmırlar, çünki hamı başa düşür ki, bu, bizim irəli sürdüyümüz qanunu rus qanunu ilə müqayisə etmək əsrin fırıldağıdır, təsəvvür gəlməz saxtakarlıqdır”, - Mdinaradze bildirib.

Rus qanununun müəlliflərindən biri deyir ki, sözügedən sərt tənqid Gürcüstana namizəd statusu verilməyəndə olduğu kimi, “təsəvvürə gəlməz ədalətsizlikdir”.

“Gördünüz ki, biz bunun üçün mübarizə apardıq və namizəd statusunu əldə etdik. Bizə heç nə asan gəlmir. Görünür, bu ölkə üçün heç nə asan olmayacaq - nə müstəqillik dərəcəsinin möhkəmlənməsi, nə də suverenlik dərəcəsinin gücləndirilməsi. Bizim haqqımız var, əgər böyük ölkələrin oxşar və oxşar qanunları varsa, biz də belə bir qanun qəbul edə bilərik”, - deyə Mamuka Mdinaradze jurnalistlərə bildirib.

Amerika Birləşmiş Ştatları “xarici agentlər haqqında” qanun layihəsinin qanuna çevriləcəyi təqdirdə sanksiyaların tətbiq olunacağını istisna etməyib. Dövlət Departamentinin sözçüsü  Metyu Miller aprelin 8-də, bir daha ABŞ-ın bu qanun layihəsindən narahat olduğunu bildirib.

Gürcüstanın strateji tərəfdaşlarının mövqeyi eynidir - NATO, Avropa İttifaqı və ABŞ hesab edir ki, rus qanunu Gürcüstanı Avropa yolundan döndərəcək, müstəqil qeyri-hökumət və media qurumlarına mənfi təsir göstərəcək. NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Xarici agent ideyasını ortaya qoyan istənilən qanun Gürcüstanın daha güclü demokratik cəmiyyətə çevrilməsi ideyasını sarsıdır.

BMT də qanun layihəsinin parlamentdən geri götürülməsini tələb edib.

“Gürcü Arzusu” 2023-cü ilin martında etirazlar və beynəlxalq təzyiqlər səbəbindən ləğv edilən “xarici agentlər haqqında” qanunun parlament tərəfindən üç oxunuşda qəbul olunması istəyir. Mətn eynidir - yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Rus qanunun yenidən irəli sürülməsini partiyanın fəxri sədri Bidzina İvanişvili də dəstəkləyir.

Mübahisəli qanun layihəsi parlamentin Bürosu tərəfindən aprelin 8-də qeydiyyata alınıb və hüquq komitəsi ona aprelin 15-də baxacaq. Prezident Salome Zurabişvili rus qanunu qəbul edilərsə, ona veto qoyacaq, lakin, “Gürcü Arzusu” onu aşmaq üçün parlamentdə kifayət qədər səsə malikdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur