Qəhrəmanlar Meydanı və ətraf ərazilərdə rus qanunu əleyhinə dinc aksiyada polis 23 nəfəri saxlayıb. Daxili İşlər Nazirliyi onların hər birini xırda xuliqanlıqda və polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda ittiham edir. Saxlanılanlardan bəziləri polisin adekvat davranmamasından danışır.

“Ədalətli Seçkilər”in vəkili Teona Kiladzenin sözlərinə görə, onun qoruması altında olan 4 nəfər Diğomi təcridxanasına köçürülüb. “Hər dördü Qəhrəmanlar Meydanında saxlanılıb. Onlardan ikisinin ailə üzvlərinə zəng etməsinə icazə verilməyib. Onlardan biri döyülüb - saxlanıldıqdan sonra avtomobildə yüksək rütbəli polis əməkdaşı tərəfindən döyülüb. Üzündə və boğazında xəsarətlər var, paltarı cırılıb. Onlar standart maddələrlə saxlanılıblar, lakin, müqavimət göstərməyiblər, onlar tərəfində xuliqanlıq və təhqir olmayıb”, - vəkil deyir.

Saxlanılanlardan biri Qəhrəmanlar Meydanında vətəndaşların saxlanılmasında bilavasitə iştirak edən patrul polisi idarəsinin rəis müavini Qoqa Memanişvilini günahlandırır. Saxlanılan şəxsin maraqlarını “Hüquqlar Gürcüstan” təşkilatının vəkili Laşa Tkeşeladze müdafiə edir.

“O qeyd edir ki, Qoqa Memanişvili birbaşa onu söyüb və söyüşlə onu tutun deyib. Bu şəxslər qanunsuz olaraq saxlanılıblar. Onlardan biri qeyd edir ki, onu maşına mindirib artıq əlləri qandallı ikən polis başını aşağı salaraq onu vurub. Bundan sonra onu digərləri də vurublar”, – Laşa Tkeşeladze bildirib.

Mayın 3-də səhər saatlarında Xalq Müdafiəçisinin nümayəndələri Diğomi və Avçala təcridxanalarında saxlanılan 10 nəfərə baş çəkib, digər məhbusların yerinin müəyyənləşdirilməsinə davam ediblər. Ombudsmanın sözlərinə görə, qeyri-qanuni rəftar və zor tətbiq edən bütün şəxslər haqqında məlumat Xüsusi İstintaq Xidmətinə təqdim olunacaq.

Məlumdur ki, həbs edilənlər arasında musiqiçilər “Kvemexi” qrupunun üzvü Sandro Kerauli və “Bedford Falls” qrupunun üzvü Mixo Kalandarişvili də var.

Rus qanununa qarşı etiraz olaraq mayın 2-də Qəhrəmanlar Meydanına toplaşan dinc nümayişçilər nəqliyyatın hərəkətini bir neçə saatlığına dayandırıblar. Daxili İşlər Nazirliyinin əməkdaşları dəfələrlə yolu açmağa cəhd edib və bu zaman bir neçə vətəndaş saxlanılıb.

Ən azı 10 nəfər gecə gec saatlarında, Qəhrəmanlar Meydanının bir neçə yüz metrliyində evə qayıdan gənclərə hücum edərək onlara fiziki təzyiq göstərib. “Gürcüstan Xəbərləri” bütün günü Daxili İşlər Nazirliyinin istintaqa başlayıb, bəzilərinin kimliyinin artıq videogörüntülərdə müəyyənləşdiyi hücumu törədənləri həbs edib-etməməsi ilə bağlı məlumat almağa çalışıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik sualları cavablandırmayıb.

Aprelin 15-dən bəri polis rus qanunu əleyhinə etiraz aksiyalarının 100-dən çox iştirakçısını saxlayıb. Təkcə 30 aprel aksiyasında 63 nəfər həbs edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur