Aİ səfirləri Avropa Şurası səviyyəsində razılığa gəliblər ki, Rusiya tərəfindən Gürcüstanın və Ukraynanın işğal olunmuş regionlarında verilmiş pasport sahibləri Aİ-yə üzv dövlətlərdən viza ala bilməyəcək və Şengen zonasının sərhədlərini də keçə bilməyəcəklər. Bu məsələ ilə bağlı danışıqlar Avropa Parlamentində davam etdiriləcək.

Aİ-yə üzv dövlətlər Rusiya tərəfindən işğal olunmuş regionlarda verilən pasportları tanımır. Avropa Şurasından verilən məlumata görə, bugünkü qərarın məqsədi vahid yanaşmanın yaradılması, eləcə də Avropa İttifaqına üzv dövlətlərin xarici sərhədlərinin və viza siyasətinin düzgün işləməsini və təhlükəsizliyini təmin etməkdir.

“Bu qərar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə və Rusiya tərəfindən işğal olunmuş rayonlarda Rusiya beynəlxalq pasportlarının verilməsi təcrübəsinə cavabdır. Həmçinin, Rusiyanın 2008-ci ildə Gürcüstan ərazilərinin - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı birtərəfli qərarı ilə bağlı.

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə və ya Gürcüstanın separatçı ərazilərinə və ya orada yaşayan şəxslərə verilən Rusiya səyahət sənədləri, viza almaq və ya Şengen zonasının sərhədini keçmək üçün etibarlı səyahət sənədi kimi tanınmayacaq.

Ukraynanın regionlarının qanunsuz ilhaqı ilə Rusiya növbəti dəfə beynəlxalq nizama açıq-aşkar etinasızlıq nümayiş etdirdi. Biz heç vaxt Ukrayna və Gürcüstanın azadlığı, suverenliyi və ərazi bütövlüyünün fundamental hüquqlarının pozulmasını tanımayacağıq. Avropa İttifaqı birdir və hər iki ölkənin və onların xalqının yanında möhkəm dayanır”, - Çexiyanın xarici işlər naziri Vit Rakuşan bildirib.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin, özünü elan etmiş Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının qondarma liderləri Denis Puşilin və Leonid Paseçnik, eləcə də işğal olunmuş Zaporojye və Xerson vilayətlərinin “rəhbərləri” Yevgeni Balitski və Vladimir Saldo Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşdirilməsi haqqında sazişlər imzalayıblar. Oktyabrın 2-də Rusiya Konstitusiya Məhkəməsi sazişləri təsdiqləyib və bununla da Ukraynanın işğal olunmuş dörd regionunun ilhaqı prosesinə son qoyub. Bundan əvvəl, 2014-cü ildə Rusiya Krım yarımadasını ilhaq edib.

Şengen zonası 1985-ci ildə yaradılmışdır. Hal-hazırda İrlandiya və Kipr istisna olmaqla, Aİ-nin bütün 27 üzv ölkəsini əhatə edir. Şengen zonasının bəzi müddəaları Aİ üzvü olan Bolqarıstan, Rumıniya və Xorvatiyaya şamil edilir. Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları Şengen zonasına daxil olduqdan sonra sərhədlərdə pasport nəzarətindən keçmədən onun daxilində hərəkət edə bilərlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur