İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya İnal Ardzinbanı Xarici İşlər Naziri vəzifəsindən azad edib və vəzifənin icrasını qondarma nazir müavini İrakli Tujbaya tapşırıb.

Qondarma prezident sərəncamı bu gün, mayın 7-də verib. İnal Ardzinbanın vəzifədən azad edilməsinin səbəbi açıqlanmasa da, onun dindirilmək üçün de-fakto Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığı barədə məlumat yayılır. Bundan əlavə, o, Bjaniyanın qoyduğu qadağaya görə bir həftəyə yaxındır ki, işğal olunmuş bölgəni tərk edə bilmir.

34 yaşlı İnal Ardzinba Abxaziyanın qondarma Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə 2021-ci il noyabrın 17-də təyin edilib. O, ilk qondarma prezident Vladislav Ardzinbanın qohumudur. İnal Ardzinba buna qədər Rusiya prezident aparatında MDB ölkələri, Abxaziya və “Cənubi Osetiya” ilə sosial-iqtisadi əməkdaşlıq şöbəsinin əməkdaşı olub və Ukraynanın nəzarət departamentinə rəhbərlik edib. 2015-ci ildə Ukrayna Prokurorluğu Ardzinbaya qarşı Ukraynanın dövlət sərhədini dəyişdirməyə hazırlaşmaqda, şəriklər toplamaqda və Odessa vilayətində “Bessarabiya” suveren dövlət qurumunun qanunsuz elan edilməsi üçün ilkin şərtlər yaratmaqda, habelə qondarma Donetsk Xalq Respublikasında terror təşkilatında iştirakına görə qiyabi ittiham irəli sürüb.. 2015-ci ildən Ukrayna Ardzinba üçün axtarış elan edib.

Gürcüstanın işğal olunmuş bölgəsində qondarma  Xarici İşlər Naziri təyin edildikdən sonra İnal Ardzinba beynəlxalq təşkilatları fəal şəkildə tənqid edirdi. O, ABŞ Dövlət Departamentini, ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) və Avropa İttifaqını “Abxaziyanın aqressiv təcrid subyektləri” adlandırıb. Onun qərarına əsasən, Abxaziyada gürcülər və abxazlar arasında təmasları təşviq edən USAID-in maliyyələşdirdiyi layihələrə qadağa qoyulub. USAID/Qafqaz Missiyasının direktoru Con Penel persona non-qrata elan edilib.

İnal Ardzinba Aslan Bjaniyanın cari ilin fevralında de-fakto parlamentin müzakirəsinə təqdim etdiyi “xarici agentlər haqqında” qanunun qəbulunu dəstəkləyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur