Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, ABŞ-ın Gürcüstanla əməkdaşlığını davam etdirməsi üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir.

Mayın 9-da keçirilən brifinqdə Metyu Millerə Gürcüstanda baş verən son hadisələr, xüsusən də rus qanunu əleyhdarlarına qarşı hücumlar barədə sual verilib: “Siz açıq şəkildə bildirdiniz ki, Gürcüstan xalqının yanındasınız. Bunu sübut etmək üçün bizə aydın bir misal göstərə bilərsinizmi?'

“Qanun layihəsinə qarşı çıxanlara qarşı görülən və qanun layihəsinin irəli sürülməsi üçün atılan addımlar bizi dərindən narahat edir. Biz vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı tez-tez təzyiqlər və fiziki zorakılıqlar barədə faktlardan xəbərdarıq. Biz bunu pisləyirik və tam, müstəqil və vaxtında istintaq aparmağa çağırırıq. Sadəcə deyəcəyəm və bir növ, daha geniş suala cavab verəcəyəm,

Gürcüstanla 30 ildən artıqdır ki, uğurlu tərəfdaşlığımız var, biz Gürcüstanla işi davam etdirmək istəyirik. Gürcüstanla birgə işləmək üçün hələ vaxt var, lakin Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir”, - Miller bildirib.

***

Mayın 3-də Tbilisidə rus qanununa qarşı etiraz aksiyasında iştirak edən gənclərə hücum və fiziki təzyiqlər edilib, buna görə Daxili İşlər Nazirliyi heç kimi həbs etməyib. Media tərəfindən müəyyən edilən hücumçular arasında Tbilisi Meriyası tərəfindən büdcədən maliyyələşdirilən məşqçilər də var.

Mayın 5-də Lançxutidə pedaqoq Lado Apxazava və oğlu hücuma məruz qalıb. Apxazava hücumda iki nəfərin iştirak etdiyini bildirsə də, prokurorluq sadəcə bir nəfəri fiziki zorakılıqda ittiham edib. Məhkəmə hücumçunuu, Lançxuti təcili tibbi yardım xidmətinin əməkdaşını girov müqabilində zaminə buraxıb.

Mayın 7-də qeyri-hökumət təşkilatı “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nın direktoru Qiorqi Klidiaşvili və “Formula”nın çəkiliş qrupu Tbilisidəki İsveç səfirliyindən çıxarkən hücuma məruz qalıb.

Mayın 8-də “Milli Hərəkat”ın üzvü Dimitri Çikovani yaşayış binasının girişində hücuma məruz qalıb, üzündən və başından çoxsaylı xəsarətlər alıb. Hücumdan əvvəl aprelin 23-də baş nazir İrakli Kobaxidze “Davit Kezeraşvili və Dima Çikovani tərəfindən 1000 lari ilə maliyyələşdirilən şəxslər rus qanunu əleyhinə keçirilən aksiyalarda ən öndə dayanır” bəyanatı vermişdi. Çikovani “Formula” teleşirkətinin təsisçisi və Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin həyat yoldaşının qardaşıdır.

Mayın 8-də naməlum şəxslər Gürcüstan Universitetinin lektoru, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qia Caparidzeyə hücum ediblər. O, “Qirçi – Daha Çox Azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidzenin qardaşıdır və rus qanunu əleyhinə hərəkətlərdə fəal iştirak edir. “Məni birbaşa döyməyə başladılar. Əllərində bir neçə dəyənək var idi. Niyə mən rus qanununa qarşıyam – belə deyirdilər”, – Qia Caparidze deyib. Onun başında və üzündə xəsarətlər var. Onun, həmçinin kəllə-beyin travmasının olduğu da bildirilir.

Mayın 8-də rus qanununa qarşı etiraz aksiyalarının təşkilatçılarından biri olan bayker Laşa Ğvinianidze hücuma məruz qalıb. “72 yaşlı atama zəng vurub hədələyiblər ki, oğlun dayansın. Biz bunun sadəcə təhdid olduğunu düşündük, ancaq evdə də bizə hücum etdiklərini görürük. Mənim harada olduğumu necə bildiklərini bilmirəm. Mənə şübhəli nömrədən zəng gəldi, cavab verdim, amma cavab verən olmadı. Ola bilsin ki, onlar məkanı belə öyrəniblər. Təxminən 10 dəqiqə ərzində 3 nəfər maskalı tökülüşdü. Dostum və mənim yanımdan keçdilər. Sonra bizə salam verib arxadan hücum etdilər”, - deyə Laşa Ğvinianidze bildirib.

Mayın 9-da gecə saatlarında müxalif siyasi partiyalardan - “Qirçi – Daha Çox Azadlıq” partiyasının üzvü Boris Çele Kurua və “Axali” partiyasının üzvü Nodar Çaçanidze evlərinin yaxınlığında hücuma məruz qalıblar. Hücumdan əvvəl onların hər ikisi mövzusu son günlər rus qanunu əleyhdarlarının repressiyaları olan “Formula” televiziyasının proqramında iştirak ediblər.

Mayın 10-da gecə saatlarında “Pirveli” televiziyasının informasiya xidmətinin rəhbəri Nodar Meladze bildirib ki, televiziyanın girişində və həyətində içərisində maskalı şəxslər olan şübhəli avtomobillər müşahidə edilib. “Pirveli” bunu əks etdirən videogörüntülər yayıb. Nodar Meladzenin fikrincə, pusquda duranlar təkcə televiziyada çalışan insanlar üçün deyil, həm də onların qonaqları üçün təhlükə yarada bilər. Dərhal təhlükəyə reaksiya verməsi üçün Meladze Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb, 5 dəfə 112-yə zəng edib, Daxili İşlər Nazirliyinin Strateji Kommunikasiyalar İdarəsinin rəisi Keti Kovziaşvili ilə əlaqə saxlayıb, lakin polis hadisə yerinə gəlməyib. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur