Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze rus qanunu əleyhinə aksiyanın dağıdılması zamanı DİN əməkdaşlarının rezin güllələrdən də istifadə etdiyi barədə məlumatı təkzib edib.

“Polis parlamentin daxili ərazisindədir, biz bayıra çıxmamışıq və ərazini içəridən icazəsiz müdaxilədən qorumağa çalışırıq. Qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən, yəni bibər qazından, gözyaşardıcı qazdan və su şırnağından istifadə etdik.

Rezin güllələrdən istifadə etmək üçün hər cür hüquqi əsasımız olsa da, istifadə edilmədi.

Aksiya iştirakçıları müxtəlif əşyalardan, o cümlədən heç bir açıq mağaza şəbəkəsində satılmayan yanar qazlardan və mənşəyi məlum olmayan qazlardan istifadə edirlər. Biz mütləq maraqlanacağıq və bu alətlərin bu insanların əlinə necə keçdiyini öyrənəcəyik. Biz qəti şəkildə təkzib edirik və təsdiq edirik ki, bu mərhələyə kimi DİN-in heç bir əməkdaşı rezin güllədən istifadə etməyib”, - Daraxvelidze Daxili İşlər Nazirliyində keçirilən fövqəladə brifinqdə bildirib.

Parlament binası qarşısında keçirilən aksiyanın bir sıra iştirakçılarına, o cümlədən “Qirçi – Daha Çox Azadlıq” partiyasının üzvü, Tbilisi Şəhər Şurasının deputatı Tsotne Koberidzeyə rezin güllə dəyib. Rezin güllədən yaralanan və gözününün yaxınlığında qanaxma olan 25 yaşlı gənc xəstəxanaya çatdırılıb.

“Mənə deyildiyi kimi, göz xilas olunub. Rezin güllə qaş nahiyəsinə dəyib. Qaz buraxılan zaman yıxılan uşaqlara kömək edirdim, sonra mənə atəş açdılar deyir”, - deyə xəsarət alan gəncin atası Kaxa Demurişvili bildirib.

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının məlumatına görə, aksiyada digər xüsusi tədbirlərlə yanaşı, rezin güllələrdən istifadə də müşahidə olunub. Təşkilat bildirir ki, rezin güllələrin yaxın məsafədən, həyati orqanlar istiqamətində (üz, qarın) və/və ya təhlükə törətməyən şəxslərə qarşı tətbiqi xüsusilə təşviş doğurur.

İkinci gündür ki, hakimiyyət parlament qarşısında rus qanununa etiraz edən mülki vətəndaşları dağıdır. Daxili İşlər Nazirliyi onlara qarşı bibər qazı, su və gözyaşardıcı qazdan istifadə edir. Bu gün xüsusi təyinatlıların nümayişçilərə rezin güllələr də atdığı iddia edilir. Aksiya iştirakçılarının əksəriyyəti gənclər, o cümlədən məktəblilərdir.

Böyük etirazlara səbəb olan rus qanununu mayın 1-də parlament ikinci oxunuşda 23 əleyhinə 83 lehinə səslə qəbul edib. Səsvermədən əvvəl baş nazir İrakli Kobaxidze brifinq keçirərək deyib ki, “Gürcü Arzusu” güzəştə getməyə və rus qanunu geri götürməyə hazırlaşmır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur