Xalq Müdafiəçisi tərəfindən yaradılan mütəxəssislər qrupunun qiymətləndirməsinə əsasən, keçmiş prezident Mixail Saakaşvilinin səhhəti onların sonuncu səfərindən (fevralın 19-da) sonra daha da pisləşib. Onda xüsusilə, şiddətli sarkopeniya (əzələ itkisi), daha 4 kiloqram çəki itkisi və qan təzyiqində kritik düşmə müşahidə olunub. Hesabatda bildirilir ki, daha da arıqlaması nəticəsində o yataq xəstəsi olacaq.

Şuraya üzv olan həkimlər aprelin 2-də Xüsusi Penitensiar Xidmətin podratçısı olan “Vivamed” klinikasında olublar.

“Zəiflik səbəbindən hərəkət əhəmiyyətli dərəcədə məhdudlaşıb. Ayağa qalxarkən qan təzyiqinin 120/90-dan 78/40-a qədər kəskin azalması müşahidə olunur ki, bu da tarazlığın itirilməsi və koordinasiyanın nəzərəçarpacaq dərəcədə pozulması ilə müşayiət olunur. Zehni funksiyaların əhəmiyyətli dərəcədə zəiflədiyini, depressiyanı da qeyd etmək lazımdır.

Xəstə aktiv katabolizm mərhələsinə daxil olub. Daha da arıqlaması nəticəsində o yataq xəstəsi olacaq, çünki aşağı ətraf əzələləri tamamilə itiriləcək və zəiflikdən, hərəkət edə bilməyəcək.

Onun üçün kritik çəki 52-53 kiloqramdır, bundan sonra bədəndə geri dönməz dəyişikliklər başlayacaq.

Periferik və vegetativ neyropatiya yenidən özünü göstərir ki, bu da ayağa qalxarkən qan təzyiqinin kritik azalmasına səbəb olur.

hazırda xəstənin nəzarətsiz hərəkəti təhlükəlidir, çünki yıxılma, bədən xəsarətləri/sınıqları alma riski çox yüksəkdir. Sonuncu halda, yara və ya sınığı sağaltmaq üçün bədənin kaxeksik resursu çox aşağıdır ki, bu da ölümcül nəticə ehtimalı yüksək olan digər kritik fəsadların (qanaxma, infeksiya, dərin venaların trombozu və s.) ardıcıl inkişafına gətirib çıxaracaq”, - həkimlərin hesabatında qeyd olunub.

“Vəziyyəti ağırdır və onun həyatını xilas etmək üçün çox ciddi müdaxilələr lazımdır. Buradan xəstənin nə vaxt və nə tezlikdə ağırlaşacağını heç vaxt deyə bilməzsiniz, proqnozlaşdırmaq çətindir.

Dəfələrlə demişik və məncə “Vivamed” klinikası da indi eyni fikirdədir ki, onun müalicəsi daha bu klinikada davam etdirilməməlidir. Fərqli fikir ondan ibarətdir ki, biz hesab edirik ki, xəstənin xaricdə müalicə olunması daha yaxşıdır”, - ekspert qrupunun üzvü, nevroloq Tengiz Culadze bildirib.

“Düşünürəm ki, özünü məhbus kimi hiss etdiyi Gürcüstan şəraitində bu xəstəliyə səbəb olan stressdən azad olunmur və istənilən klinikada nəticə eyni olacaq. Əgər insan radiasiyaya məruz qalırsa və radiasiya alırsa, o, radiasiya zonasından çıxarılmalı və sonra müalicə edilməlidir. Radiasiya zonasında qalsa, müalicə effektli olmayacaq elə? Bu vəziyyətdə də eynidir. On aylıq müalicə nəticəsində bu gün Mixeil Saakaşvilinin vəziyyəti may ayında bu klinikaya daxil olduğundakından xeyli pisdir”, - mütəxəssislər qrupunun digər üzvü, reanimatoloq Qiorqi Qriqolia bildirib.

“Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze Mixeil Saakaşvilinin vəziyyətinin pisləşməsinin əsas amilləri kimi selektiv, az miqdarda qida qəbulu və həkimlərin tövsiyələrinə əməl edilməməsini göstərir. Çxaidzenin sözlərinə görə, Mixeil Saakaşvilinin “səhhətində hər hansı xüsusi bir pisləşmə yoxdur” və müəyyən məsafəyə müstəqil hərəkət edə bilir.

“Biz müvafiq prosedurlar aparan mütəxəssis, reabilitoloq dəvət etmişdik ki, o daha da fəallaşsın və bu, onun əzələ kütləsinin, hərəkətinin fəallaşmasına və s. kömək edirdi. Amma təəssüf ki, xəstə bu prosedurları davam etdirməkdən imtina etdi”, - Çxaidze jurnalistlərə bildirib.

Zurab Çxaidze qəfil ölümün gözlənilib-gözlənilmədiyi ilə bağlı suala, bu, nəzəri mülahizədir və hətta sağlam insan oxşar fəsaddan siğortalanmayıb deyə cavab verib: “Bunun xüsusi səbəbi yoxdur - xəstə hərəkət edir, nisbətən aktivdir, və ümid edirik ki, o, bizim tövsiyələrimizə, göstərişlərimizə daha çox əməl edəcək və onun vəziyyəti getdikcə daha da yaxşılaşacaq”.

Mixeil Saakaşvili 2022-ci il mayın 12-dən Xüsusi Penitensiar Xidmətin podratçısı olan “Vivamed” klinikasına yerləşdirilib. O, səhhəti pisləşdiyi üçün Rustavi 12 saylı cəzaçəkmə müəssisəsindən klinikaya köçürülüb.

Gürcüstanın üçüncü prezidenti 2022-ci il oktyabrın 1-dən həbsdədir. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur