Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Gürcüstan hakimiyyətinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamaqda göstərdiyi “cəsarət”i yüksək qiymətləndirib.

“Mən şadam ki, Gürcüstan xalqı ilə bizim birliyimiz fəal şəkildə inkişaf edir. Mənə dedilər ki, ötən il Gürcüstanın ümumi daxili məhsulu 10 % artıb, bu da böyük ölçüdə Rusiya Federasiyası ilə turizm və ticarət əlaqələrinin sayəsindədir. Ümid edirəm ki, tezliklə biz birbaşa hava nəqliyyatını da bərpa edə biləcəyik.

Biz görürük ki, Gürcüstan faktiki olaraq bütün digər ölkələr kimi Qərbin təzyiqi altındadır, hansı ki, ondan, açıq olaraq Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaq tələb edilir. Bu, hörmətə layiqdir ki, kiçik bir ölkənin və onun hökumətinin cəsarəti var ki, öz maraqlarını və öz iqtisadiyyatının maraqlarını rəhbər tutacaqlarını söyləyir”, - Lavrov bu gün 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Alt-İnfo”nun müxbiri Davit Axvlediani Sergey Lavrova Gürcüstanla bağlı sual verib: “Rusiyanın Qərbin dağıdıcı mədəni ekspansiyasına qarşı dəqiq strategiyası varmı və konservativ dəyərlərin müdafiəsində təbii müttəfiq ola biləcək ölkələrlə əməkdaşlığı nəzərdən keçirirmi?”. Lavrov “mədəni təmsilçiliyin” və ənənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyini vurğulayıb.

“Bütün bunlar birbaşa dinlə və pravoslav kilsəsinin - Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin fəaliyyəti ilə bağlıdır. Ukraynada Rusiyanın təsir aləti deyil, sadəcə olaraq ənənə institutu, tarixin qorunması, ənənənin nəsildən-nəslə ötürülməsi institutu məhv ediləndə, qadağan ediləndə, keşişlər həbs edilir, vətəndaşlıqdan məhrum edilir - bunlar qərbin öz dəyərlərini bərqərar etmək üçün mübarizə apardığı üsullardır. 

Mən bu dəyərləri qoruyan Gürcü Pravoslav Kilsəsinin mövqeyinə böyük hörmətlə yanaşıram və ümumilikdə isə gürcü xalqı ilə heç bir problemimiz yoxdur. Bəli, 2008-ci ilin hadisəsi var idi ki, bu da... NATO-nun apreldə Buxarestdə keçirilən sammitdə Gürcüstan və Ukraynanın NATO-ya üzv olacağını deyən bəyanatı verərək burada da öz rolunu oynaması ilə bağlı idi. Saakaşvili tamamilə açıq aydın şəkildə... jarqon işlətmək istəmirəm... bir sözlə, o, öz yerini emosiyaya verdi və qərara gəldi ki, bütün bunlar indulgensiyadır. O, Tsxinvalini və sülhməramlıların mövqelərini bombalamaq əmrini verməzdən bir ay əvvəl Kondoliza Rays da gəlmişdi. Ukraynanın bir az çox vaxta ehtiyacı oldu ki, Buxarestin impulsu rus olan hər şeyi öz ərazisindən qovmaq qərarına gələn insanlara çatsın”, – deyə Lavrov bildirib.

XİN rəhbərinin sözlərinə görə, Rusiya Abxaziya və “Cənubi Osetiya”nın Gürcüstanla münasibətləri nizamlamasını dəstəkləyir. Lavrov Qərbi “Cenevrə müzakirələri”ni pozmaqda ittiham edir və deyir ki, “Avropa İttifaqı, BMT, ATƏT və ABŞ bu dialoq formatını hansısa yolla Ukrayna ətrafında baş verən hadisələrin girovuna çevirməyə çalışır”.

Gürcüstan 2008-ci il sentyabrın 2-də Rusiyanın hərbi təcavüzü nəticəsində və Gürcüstanın işğal olunmuş rayonlarının qondarma müstəqilliyini tanıdıqdan sonra Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib.

2022-ci ilin 16 dekabr tarixində Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu 2008-ci il müharibəsi işi üzrə istintaqın başa çatdığını bildirib. Prokuror Kərim Xan bildirib ki, Gürcüstanın törətdiyi hər hansı qanun pozuntusu istisna edilir. Bundan əvvəl, 30 iyun 2022-ci ildə Cinayət Məhkəməsinin Birinci Məhkəməyəqədərki Palatası Osetiyanın keçmiş yüksək vəzifəli məmurlarının həbsinə orderlər verib. Prokurorun bəyanatına əsasən, de-fakto Cənubi Osetiyanın keçmiş qondarma Daxili İşlər Naziri, general-leytenant Mixail Mindzayev, qondarma Daxili İşlər Nazirliyinin istintaq təcridxanasının keçmiş rəisi Hamlet Quçmazov və qondarma Ombudsman Davit Sanakoyev etnik gürcü mülki şəxsləri qeyri-qanuni azadlıqdan məhrum etməkdə, işgəncə, qəddar rəftar, girov götürmə və sonradan qanunsuz yerdəyişdirməkdə ittiham olunurlar. İstintaq zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-mayoru, hazırda mərhum Vyaçeslav Borisovun iddia edilən rolu da üzə çıxıb. O, Hərbi Hava Desant Qüvvələrinin komandanının müavini vəzifəsində çalışıb və bu cinayətlərin bəzilərinin ehtimal ki, törədilməsinə qəsdən şərait yaradıb. Gürcüstan Ədliyyə Nazirinin müavini Beka Dzamaşvilinin qiymətləndirməsi ilə Haaqa Məhkəməsi prokurorunun bu qərarından sonra “Biz artıq rəsmi şəkildə deyə bilərik ki, Gürcüstan hərbçiləri 2008-ci ildə beynəlxalq hüquq normalarına tam uyğun olaraq hərbi əməliyyatlar keçirib. Gürcüstanın bu müharibədə nəyisə pozub-pozmaması ilə bağlı hər hansı bir sual işarəsi qəti şəkildə istisnadır”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur