Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hesab edir ki, Rusiya ilə ticarət və nəqliyyatın aktivləşməsini ölkənin Avropa gələcəyi ilə əlaqələndirmək düzgün deyil.

“Biz dəfələrlə demişik ki, Rusiya ilə ticarət və iqtisadiyyatı dayandırmayacağıq, çünki bu, ölkəmizin maraqlarına zərər verəcək. İkinci istiqamət ölkəmizin Avropaya inteqrasiyasıdır ki, son 30 ildə heç kim bu yolda hökumətimizdən artıq iş görməyib. Kimsə hansısa nəticə gətiribsə, bunu, “Gürcü Arzusu” edib. Avropa İttifaqı ilə assosiasiya, vizasız rejim - bu, bizim ləyaqətimizdir, Bidzina İvanişvilinin və onun komandası olan “Gürcü Arzusu”nun xidmətidir. Heç bir şeyə təhlükə yaranmayacaq. Avropalı dostlarımıza izah edirik, biz hər şeyi düzgün edirik, hər addımımızı düzgün atırıq. Bu barədə mənim şəxsən söhbətim olub və arqumentasiyamızı, motivasiyamızı da izah etmişəm.

Biz Avropa İttifaqının üzvü deyilik. Aİ-yə üzv dövlətlərə və Aİ siyasətlərinə tabe olmağımız üçün Aİ-nin üzvü olmalıyıq. Bu gün, mən, hələ Avropa İttifaqının üzvü deyiləm. Buna illər gərəkəcək”, – Ğaribaşvili jurnalistlərə bildirib.

Gürcüstanın baş nazirinə sual verilib ki, Rusiya ilə birbaşa hava əlaqəsini bərpa etməklə hökumət Rusiya ilə, yoxsa Avropa İttifaqı ilə inteqrasiyaya çalışır, İrakli Ğaribaşvili belə cavab verib:

“Biz ölkəmizi xilas etməyə, ölkəmizin milli maraqlarını qorumağa və gücləndirməyə çalışırıq.

Bu gün ölkə zənginləşir, başa düşürsünüz? Son iki ildə ölkəmizin iqtisadiyyatı 10 milyard dollara yaxın artıb. Bu gün işsizlik və yoxsulluq tarixi, ən aşağı həddə, ölkəmizin ehtiyatları isə tarixi, ən yüksək həddədir. Ölkənin 5 milyard dollardan çox ehtiyatı var. Maaşlar, pensiyalar, sosial müavinətlər artıb. Bütün bunları haradan əldə etdik? BUnu düzgün siyasətimiz nəticəsində bacardıq.

Bu gün dünyada çox az ölkə son iki ildə bizimki kimi iqtisadi inkişafa malikdir. Yeri gəlmişkən, müharibədən əvvəl də 10% iqtisadi artım var idi. Bütün bunlar getdikcə ölkəmizin əhalisinə də yansıyacaq. Sizə əsas demək istədiyim odur ki, Avropanın çox sərt yanaşmasının olduğu aydındır. Biz tərəfdaşlarımız, həmkarlarımıza dedik ki, bu siyasətdə sizi izləyə bilmərik. Yenə də deyirəm, biz nə NATO-nun, nə də Avropa İttifaqının üzvüyük, biz işğal olunmuşuq – 20% torpağımız işğal olunub, Rusiya ordusu bizim ərazimizdə dayanır, bizim Rusiya ilə birbaşa sərhədimiz var və bizim öz problemlərimiz var. Başqa ölkələrin maraqları üzərində düşünməyi və işləməyi dayandırın. Onlar öz maraqlarına baxacaqlar”.

Avropa İttifaqı Gürcüstanı Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiyaya aviasiya sahəsində tətbiq edilən sanksiyalara qoşulmağa çağırır.

Bir neçə gün əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sözçüsü Piter Stano Aİ-nin Rusiyadan uçuşların bərpasından narahat olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan hökumətinin bu qərarı ölkənin Avropa yolu və Gürcüstanın assosiasiya sazişi üzrə öhdəliklərini yerinə yetirməsi baxımından narahatlıq doğurur ki, bu da xarici siyasətdə Avropa İttifaqının qərarlarına uyğunlaşmağı nəzərdə tutur.

“Təəssüf ki, Gürcüstanın Aİ-nin xarici və təhlükəsizlik siyasəti qərarlarına və bəyannamələrinə uyğunluğu keçən il onsuz da aşağı olan 44%-dən bu il 31%-ə qədər azalıb. Buna görə də bu, bizi həqiqətən narahat edir və bu olduqca təəsüfvericidir”, - Piter Stano mayın 16-da qeyd edib.

2019-cu ilin iyul ayından dayandırılan Gürcüstanla Rusiya arasında birbaşa hava əlaqəsi Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə bərpa edilib. İlk Moskva-Tbilisi reysi mayın 19-da Rusiyanın “Azimut” şirkəti tərəfindən həyata keçirilib. 2000-ci ildən qüvvədə olan viza rejimi ləğv edilib və Gürcüstan vətəndaşları Rusiya ərazisinə vizasız daxil ola bilərlər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur